Sirlərlə dolu qadın dünyası
Faydalı olar

Qan qrupu xasiyyəti müəyyənləşdirir

İnsanın qan qrupu onun xasiyyəti, daxili aləmi haqqında aid olduğu bürcdən daha çox informasiya verir. Son zamanlar psixoloqlar və hematoloqlar insanın temperamentinin qan qrupundan birbaşa asılı olduğunu təsdiqləyən nəzəriyyəyə tez-tez müraciət edirlər. Onların fikrincə, qan insanın xarakterinə, davranışına və hətta hisslərinə təsir göstərir. Ümumiyyətlə, bununla bağlı araşdırmaları ən çox yapon alimləri aparıblar. Hələ 1931-ci ildə Furukava Takeşi qan qrupu və fərd arasında əlaqə olduğu ehtimalını irəli sürmüşdü. Yaponların bir-birilə tanış olarkən verdikləri suallar içində ən populyarı «hansı bürcdənsən?» deyil, «qan qrupun hansıdır?» sualıdır. Yaponların fikrincə, qan qrupu insanın xarakterini və fərdi keyfiyyətlərini müəyyənləşdirir.

Birinci qan qrupu:
ovçular, yolaçanlar
Yer kürəsində əvvəlcə onlar olublar. Vəhşi heyvanlarla vuruşaraq onları ovlayır, ətlərini ocağın qırağında iştahla yeyir, rəqiblərini qovaraq seçdikləri əks cinsin nümayəndəsi ilə nəsil artırırdılar. «Lider olmaq» və «yaşamaq» onlar üçün sinonim sözlərdir. Onlar məqsədə doğru can atır, dözümlü olur, öz güclərinə güvənirlər. Hətta kifayət qədər özündən razı, özünə vurğun və lovğadırlar. Tənqidə dözümləri demək olar ki, yox dərəcəsindədir.
Kişi – Birinci qan qrupuna malik kişiyə rədd cavabı verməklə elə bilməyin ki, o sizdən əl çəkəcək. Çünki onlar özləri haqda o qədər yüksək fikirdədirlər ki, heç bir etirazı qəbul etməyəcək və son nəticəyə qədər mübarizəyə davam edəcəklər. «Həmişəlik səninəm» cavabını aldıqdan sonra isə onlar dayanmır, daima yeni «ov» axtarışına çıxırlar. Deyilənə görə, seks haqqında onlar dəqiqədə 6 dəfə fikirləşirlər.
Qadın – Qadın birinci qan qrupudursa, qısqanc, hissiyyatlı, ehtiraslı olur. Bu qadınlar özlərini yad kişilərlə aparmağı çox yaxşı bacarırlar, yumşaq təbiətli kişilər onlara darıxdırıcı gəlir, eyni zamanda əldə etdiklərini də güclü «caynaqlarından»  çətin ki buraxalar. Soyuqqanlı, qorxubilməz biznes-ledilər arasında birinci qan qrupuna daha çox rast gəlinir.

İkinci qan qrupu:
əməksevər calışqanlar
Haradasa 15 min il əvvəl ov zamanı bəxti gətirməyən insanlar bitki yeməyi öyrəndilər və beləliklə, ikinci qan qrupu meydana gəldi. Adətən sakit, hövsələli, mehriban, nizam-intizamlı insanların damarlarında məhz bu qan axır. Kollektivdə özlərini əla hiss edir və adətən liderliyə can atmırlar. Onlarda hər bir hiss – məhəbbət də, nifrət də uzun müddətə əmələ gəlir. Tufandan qabaq o qədər sakit olurlar ki, emosiyaları özünü büruzə verəndə, artıq gecikmiş kimi görünürlər.
Kişi – ikinci qan qrupudursa, sevgilisinin bütün kaprizlərinə dözür, nazı ilə sona qədər oynayır, uşaqcasına ona konfetlər, meyvələr verir. Adətən bu cür kişiləri bir az yaşlı qadınlar daha çox qiymətləndirirlər, çünki onları ehtiras yox, etibarlı əllərdə olmaq maraqlandırır.
Qadın – ikinci qan qrupudursa, utancaq olur, geyimlərində və davranışlarında müəyyən hədd gözləyir. Sevgisini etiraf etmək? – Qətiyyən! Birinci yaxınlaşmaq və sadəcə salamlaşmaq? – Xeyr, birdən o başqa şey fikirləşər. Bu cür qadınlar üçün məhəbbətsiz seks yoxdur. Qısamüddətli münasibətlər onlar üçün deyil. Bu qadınlar əla ömür-gün yoldaşı olub sona qədər ərlərinə sadiq qalırlar.

Üçüncü qan qrupu:
köçəri, əyləncəsevərlər
Bu qan qrupu insanların heyvanları əhilləşdirməyə və sonra da köçəri həyat tərzi keçirməyə başladığı andan meydana gəlib. Süd içmək və balıq yemək öz işini gördü – yeni qan qruplu insanlar meydana gəldi. Onlar kollektivdən kənar özlərini əla hiss edir, tez-tez yaşayış yerlərini dəyişirlər. Hiyləgər olub asanlıqla başqalarının təcrübəsini mənimsəyir və yad cəmiyyətə maneəsiz uyğunlaşırlar. Birinci qrupun liderliyi və ikinci qrupun tabeçiliyi onlarda yoxdur, istənilən vəziyyətdən çıxa bilir, müstəqilliklərini daima qoruyub- saxlayırlar. Amerikada keçirilən sorğuya görə, milyonçuların 40%-i üçüncü qan qrupuna malik insanlardır.
Kişi – köçəri ingilissayağı çıxıb getməyə həmişə hazırdır. O, heç kimi əldə etməyə çalışmır, sadəcə xoşa gəlmək, görüş təyin etmək, sıxılmadan söhbət etmək xoşuna gəlir. O, həzz almağı və əylənməyi bacarır. Sevişmək onun üçün heç nəyə məcbur etməyən yaxşı vaxt keçirmək üsuludur. Rədd cavabını da çox normal qəbul edir: yox, deməli yox. Hava haqqında da danışmaq olar.
Qadın – üçüncü qan qrupuna aid olanları kobud olaraq «dinamist» adlandırırlar. Flirt xatirinə flirt – bu onun ən əsas məşğuliyyətidir. Və əgər o, kirpiklərini aşağı-yuxarı hərəkət etdirib, sonra sizə telefon nömrəsini veribsə, bu hələ heç nə demək deyil. Əgər hətta sizinlə gecəni də keçiribsə, bu da heç nə demək deyil. O, ömrü boyu sadiq həyat yoldaşı ola bilər və bununla bərabər onlarla əks cinsin nümayəndəsiylə dostluq edə bilər ki, qonşular artıq onun dalınca danışmaqdan bezərlər.
Dördüncü qan qrupu: sirli və ziddiyyətli
Dördüncü qrup ən cavanı hesab olunur. Təxminən 2 min il yaşı var. Əmələ gəlməsini isə qida ilə deyil, müxtəlif qan qruplu insanların birləşməsi ilə bağlayırlar. Bu insanlar ziddiyyətli, qətiyyətsiz, daima şübhə içində olur, başqalarına qulaq asmağı və yaxşı məsləhət verməyi bacarırlar. Adətən onları sevirlər, ancaq dərindən tanıya bilmirlər, çünki müxtəlif donlara girməyi əla bacarırlar. Çox mütaliə edir, hərtərəfli, erudisiyalı olurlar, lakin mübahisə etməkdən çəkinirlər. Karyera pilləsinə laqeyd yanaşırlar, buna baxmayaraq tale özü onları yüksəldir.
Kişi – dördüncü qrupdursa, əlavə güc sərf etmədən qadınları asanlıqla toruna salır. Onun oyunu zərif və alicənab olur. Ancaq özü vurulduqda hər şey dəyişir, ehtiras qaynayır, məntiq unudulur. İstənilən güclü hiss bu cür adamlar üçün ziddiyyətlərdən can qurtarmaq üçün bir dərmandır.
Qadın – dördüncü qrup sevdiyi insanı xoşbəxt etmək üçün əlindən gələni etməyə hazırdır. Özünü çox qiymətli hədiyyə kimi təqdim edir və bundan zövq alır. Deyilənə görə, bu qadınlarla yaxınlıq edən hər bir kişi onun təbii həzz hissini görüb özünü seks-nəhəngi hesab edir. Ancaq bu cür ləzzətverici hisslərlə dolu münasibətə çoxları dözmür. Bir çox kişilər bu qadınlara olan sevgilərindən ağıllarını itirdikləri halda, qadınlar əksər hallarda başqa kişilərin dalınca ağlayırlar.

Mənbə: Dubl.az

Pin It on Pinterest

Shares
Share This

Paylaş

Əgər bu məqalə faydalı oldusa, dostlarınla paylaşmağı unutma.