Plov süzmə və çəkmə olur. Süzmə plov onların yanında qoyulan xuruşlarla adlanır. Məsələn, paxlaplov, şüyüdplov, cücəplov, müsəmmaplov, mütəncəmplov və s. Düyü bişməsindən, uzanmasından, artımından, həlimləşməsindən, suudma qabiliyyətindən asılı olaraq müxtəlif cür olur. Plovun növündən asılı olaraq müxtəlif düyüdən istifadə edilir. Məsələn, paxlalı, şüyüdlü plovlar üçün akulə düyüsü, cücəli, mütəncəmli, müsəmmalı, səbziqovurmalı plovlar üçün sədri düyüsü işlədilsə daha yaxşı olar. Bu düyülər olmadıqda ənbərbu, qaraqılçıq, ağqılçıq düyüdən istifadə edirlər. Plovun yaxşı çıxması üçün adətən, düyünü təmizlədikdən sonra, xüsusən sədri düyüsünü qaynar suda 2 dəfə yuduqdan sonra 7-8 saat suda islağa qoyub, içinə duz tökürlər. Sədri düyüsündən başqa digər düyülər ilıq suyla yuyulub, 4-6 saat duzlu suda islağa qoyulur, çünki düyü islağa qoyulduqda şişdiyi üçün, qaynayanda bir bərabərdə bişir. Qazana düyünü su qaynadıqdan sonra tökürlər. Düyü suda qaynadıqca onun kəfi alınmaq lazımdır. Bir qədər qaynadıqdan sonra düyüdən kəfkirə götürüb, iki barmağın arasında əzmək lazımdır. Əgər düyünün içi az da olsa əzilərsə, onda süzmək olar. Süzülmüş düyü həlimlidirsə, üstünə 2-3 dəfə ilıq su çiləyib yuyurlar. Yuyulmasa yaxşı dəm almaz, xəşil olar.