Pomidor Azərbaycan xörəklərinin əksəriyyətində işlədilir. Məsələn, badımcan, kələm dolmalarında, bozbaş, piti, borş, şorba və sairlərdə istifadə edilir. Kabab, hətta əriştə, qaşıqxəngəli kimi yeməklərdə belə istifadə olunur. Pomidorda insan orqanizmi üçün əlverişli vitaminlər çoxdur.
Yuyulub təmizlənmiş və qabığı soyulmuş pomidoru xırda-xırda doğrayıb, yağda qızarmış soğanın (soğançanın) işərisinə tökürlər. Zövqə görə duz, istiot atır, üzərinə isə yumurta vururlar. Bir qədər bişdikdən sonra “pomidor çığırtması” adlanan dadlı, ləzzətli və yüngül xörək alınır.
Çiy pomidordan özümüzə iştah, süfrələrimizə rövnəq verən salat aşağıdakı qayda üzrə hazırlanır:
Pomidor təmiz yuyulur, böyükdürsə yarı bölünür, 7-8 mm qalınlığında halqa-halqa doğranıb, bir qaba yığılır, xiyar, soğan şirin bibər (bolqar bibəri), keşniş və yaxud cəfəri doğrayıb süfrəyə qoyulur.
Ailə üzvləri yemək üçün süfrə başına toplaşdıqda, salata duz töküb qarışdırmaq lazımdır. Duzu qabaqcadan tökdükdə su verib pomidoru yumşaldır ki, bu da bir çox adamların xoşuna gəlmir. Pomidoru tək və yaxud xiyarla birlikdə turşuya qoyurlar. Yaxşı yetişməmiş pomidoru kələmlə birlikdə duza qoymaq da olur. Pomidordan tomat da hazırlanır.