Sirlərlə dolu qadın dünyası
Kulinariya

Plov

Plov süzmə və çəkmə olur. Süzmə plov onların yanında qoyulan xuruşlarla adlanır. Məsələn, paxlaplov, şüyüdplov, cücəplov, müsəmmaplov, mütəncəmplov və s. Düyü bişməsindən, uzanmasından, artımından, həlimləşməsindən, suudma qabiliyyətindən asılı olaraq müxtəlif cür olur. Plovun növündən asılı olaraq müxtəlif düyüdən istifadə edilir. Məsələn, paxlalı, şüyüdlü plovlar üçün akulə düyüsü, cücəli, mütəncəmli, müsəmmalı, səbziqovurmalı plovlar üçün sədri düyüsü işlədilsə daha yaxşı olar. Bu düyülər olmadıqda ənbərbu, qaraqılçıq, ağqılçıq düyüdən istifadə edirlər. Plovun yaxşı çıxması üçün adətən, düyünü təmizlədikdən sonra,  xüsusən sədri düyüsünü qaynar suda 2 dəfə yuduqdan sonra 7-8 saat suda islağa qoyub, içinə duz tökürlər. Sədri düyüsündən başqa digər düyülər ilıq suyla yuyulub, 4-6 saat duzlu suda islağa qoyulur, çünki düyü islağa qoyulduqda şişdiyi üçün, qaynayanda bir bərabərdə bişir. Qazana düyünü su qaynadıqdan sonra tökürlər. Düyü suda qaynadıqca onun kəfi alınmaq lazımdır. Bir qədər qaynadıqdan sonra düyüdən kəfkirə götürüb, iki barmağın arasında əzmək lazımdır. Əgər düyünün içi az da olsa əzilərsə, onda süzmək olar. Süzülmüş düyü həlimlidirsə, üstünə 2-3 dəfə ilıq su çiləyib yuyurlar. Yuyulmasa yaxşı dəm almaz, xəşil olar.

Bütün süzmə plovlara ailənin zövqündən asılı olaraq müxtəlif qazmaqlar hazırlayırlar. Məsələn, yumurta qazmağı, düyü qazmağı, yuxa və s. qazmaqlar. Yumurta qazmağı istəyənlər üçün düyüdən bir neçə qaşıq götürüb bir qaba qoymaq, içinə yumurta çırpıb qaşıqla çalmaq, sonra qazanda yaxşı dağ olmuş yağın içərisinə töküb, qazanın dibinə yaymaq lazımdır. Düyü qazmağı istəyəndə isə düyünü yenə də dağ olmuş yağın içərisinə töküb,qazanın dibinə yayırlar. Yuxa qazmağı istəyən bir qədər una bir az yağ, bir az da su və duz töküb yoğurur. Sonra 1-2 mm qalınlığında yuxa yayıb dağ yağa salırlar. Hansı qazmaq olursa olsun qaynar yağda bir az bərkidikdən sonra düyü yavaş-yavaş qazana tökülür, dəmə qoyulur. Qazanın altını çox gur etmək olmaz, qazmaq yana bilər. Əgər plov qazda bişirsə, yaxşı olar ki, qazanın altına dəmir parçası qoyulsun. Qazanı tez-tez hərləmək lazımdır.

Düyü hələ tam dəm almamış üzərinə bir qədər yağ töküb, ağzını örtərək yenidən dəmə qoymaq lazımdır. Tam dəm aldıqdan sonra götürüb böyük buluda çəkmək, üstünə yağ töküb süfrəyə vermək lazımdır. Xuruş da ayrı qaba çəkilib süfrəyə verilir.

Bütün süzmə plovlar bu qayda ilə hazırlanır.

Qeyd: Qızardılan bütün yeməklər, yağ bərk dağ olmamış salınarsa, yağ olan qabdan bütün çıxmayacaqdır. Qabın dibinə yapışıb ovxalanacaqdır.

Pin It on Pinterest

Shares
Share This

Paylaş

Əgər bu məqalə faydalı oldusa, dostlarınla paylaşmağı unutma.