Sirlərlə dolu qadın dünyası
Kulinariya

Kartof

Kartof bütün ölkələrdə ən çox yayılmış tərəvəz bitkisidir. Tərkibində növündən asılı olaraq 11%-dən 24%-ə qədər nişasta var. Azərbaycanın bir çox ətli xörəklərində istifadə olunur. Insan mədəsində tez həzmə gedən tərəvəzdir. Kartofu xörəyə tökərkən eyni böyüklükdə doğramaq lazımdır. Müxtəlif ölçüdə olanda, balacaları bişib dağılır, iriləri isə çiy qalır. Xörək üçün bazardan iri və üstü çopur-çopur (kəpəkli) kartof almaq lazımdır. Çünki belə kartoflarda şəkər az da olsa, vitamin nisbətən çox olur ki, bu da xörəyi dadlı edir. Kartofu günəş düşən yerdə saxladıqda, qabığı yaşıllaşdırıb xlorofil əmələ gətirir ki, bu da onun acı dadmasına səbəb olur. Yaxşı olar ki, kartof soyulmazdan əvvəl yuyulsun və maşında soyulacaqdırsa, ölçüsünə (böyüklüyünə)görə çeşidlənsin. Belə olduqda kartofun əsas nişastalı hissəsi, qabıqda az gedir. Yəni itki 10-15% olur. Adətən Azərbaycan ailələrində kartofu ya bıçaqla, ya da kartofsoyanla soyurlar. Hansı xörəyə tökülməsindən asılı olaraq eyni ölçüdə doğranır. Xırda kartoflar xörəyə bütöv salınsa yaxşı olar. Soyulmuş kartofu bir neçə saat saxladıqda qaralır. Qaralmasın deyə suya qoymaq lazımdır. Suda çox saxladıqda qida maddələri nisbətən itib, nişastanın keyfiyyəti pisləşə bilər.

Azərbaycan ailələrində kartofdan piti, souz, küftəbozbaş, bozartma, şorba, borş və sair ətli xörəklərdə istifadə edirlər. Müxtəlif yağlarda da qızardılmış kartof da dadlı olur. Qızardılası kartof eyni ölçüdə doğranmalıdır.

Kartofdan soyutma kimi də istifadə edirlər. Bunun üçün onu suda və yaxud su buxarında bişirib sonra qabığını soyurlar. Içərisinə baş soğanı xırda-xırda doğrayıb, bir çökək qabda əzirlər. Duz, istiot səpirlər. Zövqdən asılı olaraq bəzi ailələrdə soyutma yumurta və yağ (kərə yağı) qarışdırıb, süfrəyə qoyurlar. Bu çox ləzzətli yeməkdir. əvvəllər kartofu təndirə basdırıb quru halda bişirərdilər. Hazırda isə təndir əvəzinə qaz plitələrinin duxovkasında bişirirlər. Sonra qabığını soyub yeyirlər.

Kartofu həmşinin soyub yuduqdan sonra xırda-xırda doğrayıb, azca su, duz və yağ salaraq, bişirib yeyir və yaxud kotlet, sosiska ilə birlikdə verirlər. Kartofdan peraşki bişirir, sənayedə isə kraxmal (nişasta) istehsal olunur ki, bundan da kisel bişirir və məişətdə başqa məqsədlərlə istifadə edirlər.

Pin It on Pinterest

Shares
Share This

Paylaş

Əgər bu məqalə faydalı oldusa, dostlarınla paylaşmağı unutma.