Göbələk yağmurlu payız aylarında mal peyini olan sahələrdə çıxır. Meşələrdə ağaclarda bitən göbələklər də var. Azərbaycan ailələrində onlardan xörək hazırlanmır.
Yığılmış göbələk diqqətlə yoxlanılır, qurdu olanlar atılır. Təmizlərin üst qabığı soyulur. Lobya kimi doğranır və yuyulur. Isti suda azca bişirilir (pörtlənir). Sonra suyu atılır, hətta sıxılıb təmiz çıxarılır. Yağlı soğançaya tökülüb bir az qovrulur. Duz, istiot vurulur. İçinə yumurta tökülür. Sarımsaq qatıqla yeyilir. Yağın, soğançanın çoxluğu xörəyin ləzzətini artırır.
Göbələk kababı: Bəzən təzə göbələyin gövdəsini qoparıb, yerinə bir azca duz töküb, ağac gözündə bişirirlər, sonra qabığını soyub yeyirlər.