İstər yağlı qoyun, istərsə də yağlı mal ətini yuduqdan sonra sümükdən ayırır və ət maşınından soğanla birlikdə keçirib qiymə edirlər. Qiyməyə duz, istiot vurub əllə qarışdırırlar. Ətdən ayrılmış sümükləri qazana salıb qaynadırlar ki, bulyon alınsın. Yaxşı olar ki, soğanı ayrı qabda qızardıb həmin bulyona tökəsiniz. Bu zaman düşbərə daha dadlı və qidalı olur.
Bir çökək qaba qiyməyə münasib un qoyur, duz, yumurta vurub yoğururlar. Yoğrulmuş xəmirdən balaca kündələr tuturlar. Əriştədə olduğu kimi həmin kündələr 1 mm qalınığında yayılır. Alınan yuxalar 2-3 sm qalınlığında kvadrat şəklində doğranır. Sonra içərisinə təxminən 1-1.5 qrama qədər qiymə qoyulur, kənarları əllə yapışdırılıb bükülür, süfrənin və ya kağızın üstünə səpilir. Düşbərənin bulyonuna duz, istiot, sarıkök əlavə edirlər. Sonra hazır düşbərələri həmin bulyona tökürlər. Düşbərələr bulyonun üzünə çıxanda demek xörək hazırdır. Bundan sonra qazana nanə qurusu tökür, bəzən keşniş də doğrayırlar. Düşbərə üzüm sirkəsi ilə yeyilir.