Sirlərlə dolu qadın dünyası
Kulinariya

DOVĞA

Dovğa həm ətli, noxudlu, ətsiz noxudsuz bişirilir. Ətli, noxudlu bişirilirsə, yuyulmuş ətin yumşaq hissəsindən kəsilib ət maşınından keçirilir. Həmin qiymədən xırda küftələr hazırlanır və suda bişirilir. Noxud da, düyü də ayrılıqda bişirilib hazır saxlanılır. Bəzən düyünü qatığın içində bişirirlər. Bu zaman düyü bişənə qədər qatığı arasıkəsilmədən bulamaq lazım gəlir.

Dovğaya töküləcək göyərti, yəni ispanaq, keşniş, şüyüd, nanə, kərəvüz, tərxun təmizlənir, xırda doğrandıqdan sonra yuyulub, aşsüzənə yığılır. Ümumiyyətlə, göyərti doğrandıqdan sonra yuyulmasa dovğanın rəngi yaşıla çalar.

Dovğanın göyərtisi hazır olduqdan sonra, qatığa bir az un, yumurta, mümkünsə bir qədər xama (smetan) töküb qatıqaçan və ya çömçə ilə möhkəm çalmaq lazımdır ki, yumruları yaxşı açılsın. Sonra qaynara düşənə qədər qarışdırılır. Qaynadıqdan sonra ət, düyü, noxud qazana tökülür. Yenidən qaynara düşəndə aşsüzəndəkim göy qazana tökülüb qarışdırılır, 3-4 dəqiqə qaynadıldıqda sonra götürülür. Duzu dovğaya bir qədər soyuduqdan sonra tökmək lazımdır. Dovğanı istiotla yedikdə daha ləzzətli olur. Dovğa həm isti, həm də soyuq yeyilə bilər. Zövqə görə dovğa turş və nisbətən şirin bişirilir. Şirin dovğa bişirildikdə qatığı torbadan süzürlər, onda nisbətən şirinləşir.

Ətsiz, noxudsuz dovğalar da göstərilən qaydada bişirilir. Bir çox rayonlarda, məsələn, Qazax, Lənkəran, Masallı və s. dovğa ayranla da bişirilir, unluca, yolotu, şzşlpencər, bulaqotu və s. pencərlər tökürlər.

Pin It on Pinterest

Shares
Share This

Paylaş

Əgər bu məqalə faydalı oldusa, dostlarınla paylaşmağı unutma.