This movie requires Flash Player 9
Azerilady.com Rss

“Mən bütün dünya üçün çəkirəm”

Müəllif : Nərmin Muradova | Mədəniyyət, Məşhurlar | 17-03-2010 | Oxunub: 2,177

3

Ssenarist, rejissor və prodüser Fayt Helmer ilk filmini 14 yaşında çəkib. Münhen Kino Məktəbinin məzunudur. Almaniyada daha çox qısametrajlı filmlər rejissoru kimi tanınır. Onun rusiyalı aktrisa Çulpan Xatamovanın iştirakı ilə çəkdiyi “Tuvalu” filmi 62 kinofestivalda nümayiş olunub. 2002-ci ildən “master-klass”lar təşkil edir və müxtəlif ölkələrdə tələbələrlə eksperimental filmlər çəkir. Rejissorun Bakıya gəlişindən istifadə edib onunla həmsöhbət olduq.  

O deyir ki, filmlərini bütün dünya üçün çəkir. Elə bu səbəbdən də sonuncu “Absurdistan” filminin adı da ümummillidir. Bütün dünya bu adı anlasa da ümid etməyin ki, dünyanın hansısa bucağında belə bir ölkəyə rast gələcəksiniz.  Amma səyahət edə bilərsiniz. Necə? Bir azdan biləcəksiniz.

-         Bildiyim qədəri “Absurdistan” filmini çəkməmişdən öncə də sizin Azərbaycanla tanışlığınız var idi.

-         Elədir. Mənim komandamda işləyən hər kəslə öncədən tanış idim. Bəziləri ilə hətta qısametrajlı “Xəzər gəlini”  filmini də  çəkmişdim. Bu tək onların istedadını yoxlamaq üçün deyildi, həm də münasibətdə necə yola getməyimizi müəyyənləşdirmək baxımından idi. Ümumiyyətlə gənc insanlarla işləmək daha maraqlıdır. Bilirsiniz ki,  sovet hökuməti dağılandan sonra Azərbaycanda  kino fəaliyyətini çox məhdudlaşdırdı. Amma bu cür layihələrlə mən yeni nəsli yetişdirib, onları təhsilləndirirəm.

-         Bir film üçün bu qədər uzun yol qət etmək çətin deyildi ki?

-         Çətin olsa da insana daha çox enerji verirdi. Və bu enerji filmi ərsəyə gətirmək üçün stimul idi. Mən film çəkmək üçün film çəkmirəm, həm də tamaşaçı baxsın deyə çəkirəm. Çünki insanların yaratdığım ekran əsərinə  reaksiyasını  görmək istəyirəm. Əks təqdirdə özümü inkişaf elətdirə bilmərəm. Elə  rejissorlar var ki, onlar filmi ancaq öz ətrafları üçün çəkirlər, mən  isə bütün dünya üçün çəkirəm.

-         Və elə rejissorlar da var ki, filmlərində tanınmış simalardan istifadə edirlər. Aktyor filmi yaratmaqla öz uğurlarını da təmin etmiş olurlar. Siz isə “Absurdistan” filmində  dünyada tanınmayan aktyor heyəti ilə çalışmısınız.

-         Mən ən məşhurları yox, ən yaxşılarını istəyirdim.  Məhşur aktyorlarla ona görə film çəkmədim ki işin keyfiyyətini onların reputasiyalarına qurban verməyim.

-         Filmin bəzi məqamlarında mənə elə gəldi ki,  Əmir Kustaritsanın filminə baxıram.  Stilinizin oxşarlığından irəli gəlirdi yoxsa …

-         Yox, mən Kustaritsa ilə özümü eyniləşdirməzdim. Bu bəlkə ssenaridən irəli gəlirdi. Çünki ssenari müəllifimiz eyni idi. Ssenari müəllifinin özünün reallığa xüsusi baxışı var. Bu baxışı həm Əmir Kustaritsanın, həm də mənim filmlərimdə görə bilərsiniz. Özümü tərifləmək istəmirəm amma siz  filmimə baxsanız görərsiniz ki, özüməməxsus kinematoqrafik yazılarım var. Çox unikal bir şeydir.

-         O zaman unikal adlandırdığınız “Absurdistan” dan özünüz nə gözləyirsiniz? Tamaşaçı niyə pulunu xərcləyib sizin filmə baxsın?

-         Mənim fikrimcə, televiziyada və kinoteatrlarda göstərilən filmlər bir- birinə çox oxşayır. Absurdistana baxmaq sanki başqa bir ölkəyə səyahət etmək kimidir. Bu Azərbaycana getmək deyil, bu mənim dəli beynimin içində olan düşüncəyə yol yoldaşlığı etməkdir. Hər bir ölkəyə sən təyyarə ilə gedə bilərsən və bileti səyahət agentliyində almalısan. Amma sən Absurdistana getmək istəyirsənsə, kinoteatrın kassasına getməlisən.

-         Bizim filmlərlə tanışlığınız var?

-         Yalnız “Üç qız” filminə baxmışam.

-         Bəyənmisinizmi?

-         Çox fərqli filmdir, amma deyə bilmərəm ki, bəyənmişəm, hər halda yadda qalıb.

-         Necə fikirləşirsiniz bizim kinonun çıxış yolu nədədir?

-         İlk öncə təhsil almaq çox vacibdir, sonra mübadilə, üçüncü isə kinoteatrlar olmalıdır. Əgər şəhərlərdə kinoteatrlar yoxdusa, insanlar filmlərə baxmırlarsa bu, inkişafın qarşısını alır. Film dövriyyəsi çox vacib məsələdir. Film incəsənətdir. Və mütləq məktəblərdə  də tədris edilməlidir. Əks təqdirdə insanlar ancaq amerikan filmlərinə baxıb, video oyunlar oynamaqla kifayətlənəcəklər.  Mən amerikan filmlərinə qarşı deyiləm amma məncə insanların rəngarənglik və müxtəliflik görməsi çox vacibdir.  Bu həm də xalqların bir- birinin mədəniyyətini qəbul etməsi üçün çox yaxşı haldır.

Film çəkmək dünyanın istənilən ölkəsində çox çətindir çünki sənə çox pul lazımdır. Elektron təkamülə görə kiçik ölkələrdə də gözəl filmlər yaratmağa imkan var. Hətta kiçik məbləğlə də professional film çəkmək mümkündür. İncəsənət tək teatr,  musiqi deyil o həm də filmdir və gözəl olardı ki, hər il  5-6 filmin çəkilməsi üçün iriməbləğdə pul ayrılsın.

-         Filmdə demək olar ki diaoloqlardan istifadə etməmisiniz. Mənə elə gəldi ki, sanki bu sözlü filmlərə bir üsyandır.

-         Film vizual incəsənətdir.  Burda səs də olur, şəkillər də. Amma insanları danışarkən görmək mənim üçün darıxdırıcıdır.  Elə şəkillər axtarmağı xoşlayıram ki, onlar vasitəsilə hekayəni və emosiyaları göstərə bilim. Kimsə sənə sadəcə sözlə “səni sevirəm” deyə bilər, amma ən vacibi onu hiss və emosiya ilə ifadə etməyidir. Əslində bu aktyorlar üçün çox çətindir. Amma mən asan olanlardan yapışmıram ki… . Sadəcə film yaratmaq istəsəydim bunu Berlində də edə bilərdim. Vaxtilə italyan rejissoru Roberto Rossoli deyirdi ki, film çəkməklə siz dünyada hamı ilə dost ola bilərsiniz. Məncə, bu layihə Rossolinin sözünə gözəl sübut oldu. Layihə çərçivəsində dünyanın müxtəlif yerlərindən olan insanlar dost oldular. Hətta ailə həyatı quranlar da oldu və deyim ki Absurdistanın artıq iki balaca vətəndaşı da var.

-         Adətən film çəkilişi barədə ən maraqlı əhvalatları aktyorlardan soruşurlar.  Bu dəfə ənənəni pozuram.

-         O qədər maraqlı anlar var idi ki…amma ən yadda qalan birini deyəcəm…Demək qəhrəman- Ayyanın qandola ilə uçduğu səhnəni çəkirdik. Fotoqrafım çox kök adam idi və mən təklif etdim ki  qandalonanın (gəmi formasında) içində aktrisa ilə birlikdə çəkilsin. Amma aktrisa razılıq vermədi ona görə məcbur olub onunla mən çəkildim. Təsəvvür edin, evlərin damından çox- çox hündürdə nazik ipin üstündə hərəkət edən qandola ilə uçmaq lazım idi. Bu çox qorxulu idi. Aktrisaya yol boyu ürək- dirək versəm də etiraf edim ki, özümün vəziyyətim heç də yaxşı deyildi. Hətta deyim ki, şalvarımı islatmışdım.

-         Və sonda, Azərbaycandan istədiyiniz müsbət enerjini ala bildinizmi?

-         Burda film çəkmək mənə çox böyük enerji verdi. Hər yerdə insanlar bizi çox mehriban qarşılayırdılar. Azərbaycandan geriyə xoş xatirələr qalır. “Absurdistan”  Azərbaycan haqda deyil, amma film ona imkan yaradır ki, hamı Azərbaycanın gözəlliyi ilə tanış olsun.

Populyarlığı: 2%

Oxşar məqalələr:

Yeni ili ölkə xaricinde kecirtmək istəyirsiniz, ancaq seçməkdə cətinlik cəkirsiniz? Bu halda Hermes Travel turizim şirkətinə muraciət edin. Bizim şirkət sizə maraqlı turlar təklif edər və sizin səyahətinizi unudulmaz və yadda qalan olar.
Əlaqə nömrələri:
(+99412) 417 9966
(+99455) 779 9966





Şərh (3)

full Nermin

sag ol isiq)))cok sade danisqan adamdi..filmi haqda ne qeder desen danisar, jurnalistlere o lazimdi ele)))))

Filmi izlemenizi tavsiye ederim..Gercekten guzel film yapmis Helmer..ya canim nasil bi adam? guzel yazmissin ellerine sagliq ..cineline koyuyorum

Şərh yaz