This movie requires Flash Player 9
Azerilady.com Rss

Aktrisa gəlir…

Müəllif : Nərmin Muradova | Mədəniyyət | 25-02-2010 | Oxunub: 1,797

6

Rövşən İsax : “Film hamı üçün maraqlı olacaq”

Ötən il  dövlət sifarişilə istehsalına start verilən  filmlərdən biri də “Aktrisa”dır. Yazıçı İlqar Fəhminin eyniadlı povestinin motivləri əsasında çəkilən filmin rejissoru Rövşən İsaxdır. Rejissorun ilk tammetrajlı filmi olan “Aktrisa” “Pozitiv Media”da istehsal olunur.

Filmlə bağlı suallarımızı rejissorun özünə ünvanladıq. İlk sualımız filmin hazırda hansı mərhələdə olması ilə bağlı idi.

-        Avqust ayında çəkilişlərə başladıq oktyabrda  yekunlaşdırdıq. Filmi qaralama montaj etmişik. İndi qrafik işləri həyata keçiririk. Səsləndirmənin də 30 faizini bitirmişik. Martın sonuna yaxın filmin təqdimatını keçirəcəyik.

Səsləndirmə demişkən, çəkiliş məkanında səsi canlı yazmağı sınaqdan keçirdinizmi?

-        Çəkiliş məkanında biz səsi qaralama yazmışdıq. Amma sizə deyim ki, risk etmək istədik. Çünki səsləndirmə heç vaxt aktyorun yerində oynadığı kimi alınmır. Məsələn, Fuad Poladovun filmdə taleyini danışdığı monoloqu var. Səsləndirməyə gələndə Fuad Poladov bunun çətin olacağını dedi. Məşq elədi, səsi yazdıq, “mümkün olanı elədim, amma yenə də çəkilişdəki kimi alınmadı” dedi. Bu kinonun yaralı yeridir. Mən səsi canlı yazmağın tərəfdarıyam. Amma bu proses həm çətindi, həm də olduqca bahalıdır. Səsi canlı yazmaq üçün çəkiliş müddəti gərək 2-3 dəfə artsın. Həm də bizim filmdə bu tam da mümkün deyildi. Çünki baş rolu oynayan aktrisa Moskvadan gəlmişdi.

Bildiyim qədər azərbaycanlı və rusiyalı aktrisa arasında seçimdə qalmışdınız. Demək sonunda ikincinin üzərində qərar tutdunuz.

-        Həmişə filmlərimizdə mümkün qədər yerli aktyorlardan istifadə etməyin tərafdarı olmuşam. Mən də çox istərdim ki, azərbaycanlı aktrisa çəkilsin. Amma mən istədim də, istəmədim də filmin yaxşı alınmasından ötrü bu ən gözəl variant idi.

“Aktrisa” ya aktrisanı necə tapdınız?

-        Bu gün aktrisa tapmağın çox sadə üsulu var. İstənilən ölkələrdə aktyor agentlikləri var. Biz onlara müraciət edib, necə aktrisa istədiyimizi bildirdik. Onlar da şəkillər göndərdilər. Nəticədə milliyətcə belarus olan Alisa Kaçeri təsdiqlədik. Hazırda Moskvada Stanislavski Teatrının aktrisasıdır. Çox istedadlı aktrisadır, təsəvvür edə bilməyəcəyiniz qədər məsuliyyətli insandır. Həm də üz cizgilərindən azərbaycanlılara da oxşayır.

Bəs filmdə daha kimlər çəkilib?

-        Aktrisanın həyat yoldaşı bankir Vafiq Fətəliyev rolunda Fuad Poladov, gənc yazıçı rolunda isə Gəncə Teatrının aktyoru İlham Hüseynov çəkilib. Bundan başqa filmdə Şövqi Hüseynov, Rəşad Səfərov, Hicran Qəşəmova, Salam İsmayılov, Günel Məmmədova oynayıb. Həmçinin qeyd edim ki, filmin operatoru Rövşən Quliyev idi. İşindən çox razıyam. Filmin bəstəkarları Vasif Arifoğlu və  Nazim Əhmədov. Tanınmış bəstəkarlar deyillər. Amma film üçün əla musiqi yazıblar. Onların hər ikisinə təşəkkür edirəm.

Bildiyim qədər filmdə özünüz də çəkilirsiniz. Bu aktyor yoxluğundan, yoxsa içinizdəki aktyoru boğa bilməməkdən irəli gəldi?

-        Mən filmdə müstəntiq Eldar Əfəndiyev rolunu oynayıram. Bu rol üçün bir neçə aktyoru yoxladıq, amma onlar da çox teatral oynadılar. Rol da bir az sürüşkən rol idi. Başa düşdüm ki, əziyyət çəkəcəm. Bir tərəfdən də həm çəkilmək, həm də  çəkmək çox çətindi. Təsəvvür edin ki, çəkilişdə həmişə bir adam var idi ki, tapşırıqlarıma əsasən mənim əvəzimə hərəkət eləyib və mən kamerada baxıb “yaxşı” deyəndən sonra özüm çəkilməyə başlamışam.

Bir az ssenaridən danışardınız. Eşitmişəm ki, ssenarini 19 dəfə dəyişmisiniz. Doğrudur?

-        Bəli. “Aktrisa”povestini ilk dəfə 2004-cü ildə oxumuşdum. Həmin vaxtdan əsərin üzərində qeydlərimi edirdim. 3 dəfə müəyyən güzəştlər hesabına onu çəkmək imkanım oldu. Amma çəkmədim. İş elə gətirdi ki, onu Mədəniyyət və Turizm Nazirliyinə təqdim etdim. Çox şükürlər ki, onların xoşuna gəldi. Povestə 60-65 faiz dəyişiklik etmişik. Çünki kino yalançılığı sevmir. Kino real və inandırıcı olmalıdır. Romanda gözəl və bədii təsvir eləmək olur. Amma filmdə belə deyil. İlqar Fəhminin özü ilə birgə günlərlə, saatlarla ssenari üzərində işləmişik.

İlqar Fəhmi filmə baxıb? Reaksiyası necə olub?

-        Baxıb. Bəyənməyinə yüz faiz bəyənib. Nə dərəcədə bəyəndiyi sual altındadır. Və buna da ən yaxşı cavabı ancaq özü verə bilər.

Filmi necə xarakterizə edərdiniz?

-        Süjetini danışmayacam sadəcə bunu deyəcəm. Əgər nə öləndə, nə də öldürəndə günah yoxdursa…Deməli baxanda diqqətli baxmaq lazımdır.

Artıq film yekunlaşır. İstədiyinizi ala bildinizmi?

-        Tam səmimi deyirəm, mən istədiyimin 75 faizini almışam. Yerdə qalanını isə tamaşaçı heç  görməyəcək. Amma mənə elə gəlir ki, biz mümkün olanın hamısını elədik. Azərbaycanda bu əsəri film kimi lentə köçürməyin ən yaxşı variantını eləmişik.

Çəkilişlər harda gerçəkləşdi?

-        Filmdə bağ səhnələri çox olduğundan çəkilişlərin böyük hissəsi Bilgəhdə baş tutdu. Bəzi səhnələri isə Bakının küçələrində və Gəncədə çəkdik.

Filmi kinolentə çəkmisiniz?

-        Yox, onu dijital-rəqəmsal videoya çəkmişik. Amma onun texniki parametrləri o qədər yüksəkdir ki, biz onu kinolentə köçürəcəyik. Bunu ən azı ona görə cəsarətli şəkildə deyirəm ki, filmdən əvvəl müəyyən səhnələri çəkib, Almaniyada lentə köçürdük. Və keyfiyyət bizi qane etdi.

Hər halda kinolentdən üstün ola bilməz…

-        Onun özünün üstün cəhətləri var, kinolentin özünün. Təbii ki, ən yaxşı kinolentdi. Sadəcə olaraq bugünki kinoda tamaşaçı zövqü üçün kompüterdə elə effektlər edilir ki, siz hətta kinolentə çəksəniz belə məcbursunuz ki, onu digital formatına çevirib, kompüterə atıb istədiyiniz effekti orda yaradıb, onu  yenidən kinolentə qaytarasınız. Bu dünyanın hər yerində belədir.

“Aktrisa” ilk böyük işinizdir. Sizə ikiqat çətin gəlmədiki?

-        İnanın lap 81-ci böyük işim olsa belə yenə mənə çətin gələcəkdi. Kino ümumiyyətlə çətin bir işdir, çox əziyyətlər hesabına başa gəlir.

Bu sualı verməkdə məqsədim var idi. İlk qısametrajlı filminizi 1996 –cı ildə çəkmisiniz. Və ondan sonra film çəkməmisiniz.  Aradan uzun müddət keçəndən sonra tammetrajlı film üçün kamera arxasına keçmisiniz.

-        Anladım sizi. Amma mən həmişə kamera arxasında olmuşam. “Mozalan” üçün süjetlər və çoxlu sayda reklam rolikləri çəkmişəm.

Filmin sonrakı taleyi “Pozitiv Media”nı nə dərəcədə narahat edir?

-        Mən istəyirəm ki, bu film haqda hamının məlumatı olsun. “Pozitiv Media” olaraq biz filmi əlimiz çatan bütün festivallara göndərəcəyik. Dinindən və dilindən asılı olmayaraq bu film hamı üçün maraqlı olacaq. Çünki burda insan var.

Populyarlığı: 1%

Oxşar məqalələr:

Yeni ili ölkə xaricinde kecirtmək istəyirsiniz, ancaq seçməkdə cətinlik cəkirsiniz? Bu halda Hermes Travel turizim şirkətinə muraciət edin. Bizim şirkət sizə maraqlı turlar təklif edər və sizin səyahətinizi unudulmaz və yadda qalan olar.
Əlaqə nömrələri:
(+99412) 417 9966
(+99455) 779 9966





Şərh (6)

Elinin deydiyi her yer gwzelleshiyor

her zaman is basinda Nermin

iyi film olsun da )))qalani duzeler..

Kaliba iyi filme benziyor

filmin dvd sen de ola bilirmi tabii ki gösterime girdikten sonra..bakuye bi de gelince götürürüz..ya da yollarsın.martta olsa iyi olurdu izleyib giderdik

harika röportaj Nermin

Şərh yaz